İnsanlar niyə xoruldayır?


 Statistikaya əsasən, dünya əhalisinin hər üçdən biri xoruldayır. Planetimizdəki uşaqların 5%-i, cavan və orta yaş həddində olanların 25-30%-i, yaşlıların isə 40%-dən çoxu gecələr yatarkən xoruldayır. 


 İnsanlar nə üçün yuxuda olarkən xoruldayırlar? Bu cür halların səbəbini anlamaq üçün ilk öncə bunun yaranma mexanizmini bilmək lazımdır:


 Nəfəs alarkən hava boğazdan (nəfəs borusu) udlağa, oradan da traxeya və bronxlar vasitəsilə ağ ciyərə daxil olur. İnsan ayıq olarkən beyin bütün əzələləri tonusda saxlayır (bu həmçinin boğaz əzələlərinə də aiddir). Bu səbəbdən də nəfəs yolları hava axını üçün bütün gün ərzində yaxşı “işləyir”. Yatarkən, yuxuda olarkən isə bütün əzələlər (həmçinin boğaz, udlaq əzələləri) boşalır və nəfəs yollarının divarları bir-birinə yaxınlaşaraq daralır, hətta bəzən bir-birinə toxunur. Belə olan halda, nəfəs borusuna daxil olan və nəfəs borusundan çıxan hava axını müxtəlif səsli xorultu yaradır. İnsanların gecələr yatarkən yuxuda xoruldamasını mütəxəssislər bu cür izah edirlər.



 Yatarkən udlağın divarları daha çox sıxılaraq qapanırsa, o zaman nəfəs borusu vasitəsi ilə gələn hava axını ağ ciyərə daxil ola bilmir və ani olaraq nəfəs dayanır (apnoe epizodu). Bu cür nəfəs dayanması 10 saniyədən çox çəkərsə, bu hal “adi xorultu”nun mürəkkəbləşməsi halı hesab edilir. Bir çox hallarda nəfəs dayanması (apneo epizodu) 20 saniyədən 60 saniyəyədək uzana bilir, bəzi hallarda isə, hətta 2-3 dəqiqəyədək uzana da bilir. Bu cür hallar insan sağlamlığı və insan həyatı üçün təhlükəli hesab oluur. Belə ki, bu cür hallarda hər gecə insanın beyni, ürəyi və digər orqanları oksigen aclığı keçirir və bu da insan orqanizmi üçün təhlükə deməkdir. Belə olan zaman insanlarda yuxuda ikən ürək tutması (infarkt), insult və gözlənilmədən ölüm halları baş verə bilir. Bu da yuxuda ikən təzyiqin həddən artıq yüksəlməsi üzündən baş verən hallardır.


 Qeyd edək ki, beyində oksigen qıtlığı yaranarkən, insanlarda dərin yuxu fazaları azalır, səhər oyandıqdan sonra bütün günü halsızlıq, gücsüzlük, kefsizlik hiss olunur, intelektual imkanları azalır. Yaddaş, diqqət kimi vacib hormonların ifrazı pozulur, potensiya pisləşir, infarktın, insultun riskləri artmış olur.


 Xorultunun yaranma səbəbləri nədən ola bilər:

bədən çəkisinin artması;

spirtli içkilərin çox qəbul edilməsi;

yuxu dərmanlarının qəbul edilməsi;

siqaret çəkmək;

allergik və vazomotor rinit;

burun polipi;

udlaq badamcığının böyüməsi (adenoid);

burun hava keçidinin darlığı (anadangəlmə xüsusiyyət);

burun çəpərinin əyriliyi;

balaca və ya geriyə dartılmış çənə;

Hipotireoz, miksedema;

Orqanizmin qocalması;


 Bu yazıda oxucularımıza xoruldamanın yaranmasının bir çox səbəblərini açıqladıq. Amma bunlar xoruldamanın yaranma səbəblərinin heç də hamısı demək deyildir.


 AzEns.AZ

Tweet 516