Oğuz türklərinin məskəni - Tovuz


 Tovuz sözü “Taus” ərəb kəliməsindən götürülmüş və mənası mələk deməkdir.

 Bir totemə əsasən quşa çevrilmiş mələk anlayışı Şərqdə, xüsusilə ön Asiyada eramızın II–IV  əsrlərində formalaşıb. Şəhərin adı iki qohum türk qəbiləsinin – Oğuz və Toğuzun adından əmələ gəlib. Türk – Şumer mənbələrində bu kəlimə müqəddəs dağ yeri, eləcə də, 9 Oğuz türk qəbiləsinin məkanı mənasında da işlədilib. Tovuz adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış Alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində  qeyd olunub. 


 Tovuz Oğuz türklərinin məskəni hesab edilib və yaranma tarixi çox qədimlərə gedib çıxır. Ərazidə bunu təsdiq edən tunc, dəmir və erkən orta əsrlərə aid arxeoloji obyektlər tapılıb. Müasir yaşayış məntəqəsi kimi rayonun təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşədil, Touş kimi tanınıb. Orta Asiya, Mərakeş, Sibirdə və Çində eyni adlı ərazilər bu günə qədər mövcuddur. Cənubi Azərbaycanın paytaxtı Təbrizdə Tovuz məhəlləsi var.


 XIII əsrin əvvəlində, monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz artıq böyük yaşayış məskəni şəhərə çevrilmişdir və monqollara layiqli müqavimət göstərmişdir. I Şah İsmayıl (1501-1524) dövründə Tovuz və ona bitişik ərazilər Zülqədər tayfasının bir qolu hesab olunan Şəmşəddil tayfasının irsi mülkiyyətinə verildi və inzibati cəhətdən Qarabağ (mərkəzi Gəncə idi) bəylərbəyliyinə tabe idi.


 Tovuzun ən böyük kəndi Yekallar kəndidir. Burdan bir neçə km aralıda kəndin ən məşhur tarixi abidəsi yerləşir: Sultan körpüsü. Yerlilərin dediyinə görə, keçmiş zamanlarda sultan, körpünü hind ustalara tikdirib. İnşasında qoyun südü və yumurtadan istifadə ediblər.


 Tovuzun qədim tarixi abidələri sırasına neolit dövrü abidəsi (e.ə VI əsr) “Göytəpə” qədim yaşayış məskəni, “ Torpaqqala”, “Köhnəqla”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, Kürboyu alban məbədləri və s. aid etmək olar. Rayonun ən iri yaşayış məntəqələri Tovuz şəhəri (ərazisi 912 hektar, əhalisi 21340 nəfər), Qovlar şəhəri ( ərazisi 5691 hektar, əhalisi 14860 nəfər), Əyyublu kəndi (ərazisi 5430 hektar, əhalisi 11647 nəfər), Aşağı Quşçu kəndi (ərazisi 3257 hektar, əhalisi 10741 nəfər) və sairdir. Rayonun 9 inzibati ərazi dairəsi 69 km məsafədə bilavastə Ermənistanla həmsərhəddir.


 Tovuz rayonunun əhalisi rəsmi olaraq, 175,5 min nəfərdir. Rayon ərazisindən hazırda ölkə üçün həyati əhəmiyyət kəsb edən “Bakı- Tbilisi-Ceyhan” neft kəməri və “Bakı- Tbilisi-Ərzurum” qaz kəməri keçir.


 AzEns.AZ


Tweet 538