Qız qalasının sirləri: rəvayət və əsatirlər


 Tarixi mənbələr bildirir ki, Qız qalasının indiki adı nisbətən yenidir. Bəzi sənədlərə əsaslanaraq söyləmək olar ki, XIX əsrə qədər bu tikili “Xunsar” adlanıb. Yəqin ki, bu adın mənşəyi yunanların sitayiş etdiyi Asaru və romalıların Osiris adlandırdığı tanrının adından törəyib.


 Bu tikilinin “Güzə qalası” adlandırılması haqqındakı rəy də maraqlıdır. Güzə qalası işıq və od tanrısının məbədi olub, qədim türk tayfaları, yaxud tayfa birlikləri ona sitayiş edib.


 “Qız qalası” adı, yəqin ki, tikilinin “müdafiə” keçmişi ilə bağlıdır, çünki bir vaxtlar o, Bakının əsas qalası funksiyasını yerinə yetirirdi. Tarixin bütün təbəddülatlarına və çoxsaylı hücum cəhdlərinə baxmayaraq, qala heç zaman fəth olunmayıb.


 Hərçənd qalanın ətrafında “dolaşan” çoxsaylı əfsanələr onun adını daha çox romantik hekayətlərlə bağlayır. Qız qalasının yaranması haqqında xeyli rəvayət və uydurmalar dolaşır. Onların əksəriyyəti “qız” sözü ilə əlaqədardır. Əfsanələrin birində deyilir ki, bir şah qızını sevmədiyi adama ərə verməyi qərara alır. Özünü bu aqibətdən xilas etmək və atasını fikrindən daşındırmaq üçün qız atasından bir qüllə tikməyi və tikinti qurtaranadək gözləməyi xahiş edib. Lakin tikintinin şah başa çatması ərəfəsində belə öz niyyətini dəyişmir və onda qız qalaya çıxaraq özünü dənizə atır. Bundan sonra onun dəyib parçalandığı qayaya “qız daşı” adı verilir. Nişanlı qızlar buranı ziyarət edir, daşın üzərinə gül qoyurdular.


 Bu əfsanənin başqa bir versiyası da var: qız özünü dənizə atdıqdan sonra sevgilisi padşahı öldürərək onun intiqamını alır. Lakin bir müddət sonra su pərilərinin qızı xilas etdiyini öyrənir. Tezliklə sevgililər bir-birini tapır və evlənirlər. Əfsanə həm də sübut edir ki, bir vaxtlar Xəzər dənizinin suları Qız qalasının ətəyinə çatırmış.


 Rəvayətə görə, Qız qalasının yaxınlığında İsa Məsihin on iki həvarisindən biri - müqəddəs Varfolomey edam olunub. Varfolomey Bakıya I əsrdə gəlib və bütpərəst qəbilələr arasında xristianlığı təbliğ edib. Lakin İsa həvarisinin təbliğ etdiyi dini təlim rədd edilib və o, Qız qalasının divarları yanında edam olunub. Qız qalasının yaxınlığında qazıntılar zamanı həvarinin öldüyü yerdə ucaldılan qədim məbədin qalıqları aşkar edilib.


Qala mərtəbələrinin birində quraşdırılan interaktiv displeyin vasitəsilə digər məşhur əfsanələrlə də tanış ola bilərsiniz: “Sərkərdə və rəqqasə”, “Su üzərində addımlayan gənc”, “Şahzadə qız və çoban” və s.


 Qız qalasının cənub hissəsinin hündürlüyü 28 metrdir. Amma İçərişəhərdə “28” ədədi ilə bağlı qəribə “təsadüflər” var. Məsələn, Xəzər dənizi dünya okeanının səviyyəsindən 28 metr aşağıda yerləşir, İçərişəhərin ərazisində 28 məhəllə var və s.. Bu da 28 ədədinə rəmzi məna verir.


 Qız qalası quş uçuşu yüksəkliyindən formasına görə “9” və ya “6” ədədlərinə oxşayır. Onlar birlikdə Qədim Çin kosmologiyasının məşhur “İn-Yan” anlayışını əmələ gətirir. Türk xalqının dünyagörüşündə ədalət dünyası ilə bağlı olan “9” ədədi ana bətnindəki körpənin inkişaf dövrünü göstərir, halbuki “6” ədədi labüd ölümə, axirət dünyasına işarətdir.


 AzEns.AZ


Tweet 152