Torpağın
altından püskürüb çıxan alov 3-5 metr hündürlüyünə qalxaraq, əsən küləyin təsiri
nəticəsində özünün möcüzəvi və mistik “alov” rəqsini edir. Bu cür sirli –
sehirli və məftunedici, qeyri-adi gözəlliyə malik bir mənzərəni görmək üçün Azərbaycanın
kəndi olan Məhəmmədi kəndinə getmək kifayətdir.
Azərbaycanın
paytaxtı Bakıya müxtəlif ölkələrdən turistlər gəlir. Bakıya gələn turistlər Bakının
lap yaxınlığında yerləşən bu qeyri-adı, yanan dağı görməmiş getmirlər. İrandan
və Hindistandan gələn turistlər isə məhz yanan dağa tamaşa etmək üçün Bakıya təşrif
buyururlar. Neçə-neçə əsrlər təbii formada yandığına görə bu dağa “Yanardağ”
adı verilib.
Məsələ
ondadır ki, Bakı və onun ətraf ərazilərinin
yerləşdiyi Abşeron yarımadası iri karbohidrogen yatağından ibarətdir.
Yanardağın təkində yerləşən təbii qaz, həmin dağın ətəyində özünə çıxış tapmış
və alışıb yanmışdır. “Yanardağ” çox da hündür bir dağ deyil, onun hürdürlüyü
100 metrdən bir az çoxdur. Amma orada yanan təbii qazın yaşı nə 100 illərlə, nə
də 500 illərlə ölçülür. “Yanardağ” minillərdi ki, yanmağında davam edir.
“Yanardağ”ın
yaşı ilə bağlı real faktlara nəzər salsaq görərik ki, məşhur italyan səyyahı
Marko Polo öz yazılarında “Yanardağ” haqqında qeydlər etmişdir. Məşhur səyyah
İrana gedərkən, yolüstü Bakıda olmuş və bu təbiət hadisəsinin şahidi olmuşdur.
Marko Polonun XIII əsrdə bu diyarda olduğu zaman, burada bir deyil, onlarla belə
təbiət fenomenləri (yanardağ) mövcüd imiş. Hələ o dövrlərdə Azərbaycanda neft
hasil olunub istifadə edilirdi. Neftdən o dövrlər ancaq evləri, küçələri
işıqlandırmaq və dəri xəstəliklərinin müalicəsi üçün istifadə edilirdi.
Maraqlı
olan odur ki, “Yanardağ”ın alovunu nə yağış, nə qar, nə də güclü küləklər
söndürə bilir. Maraqlı olan digər bir məsələ də odur ki, alov ətrafa yayılmadan
eyni yerdə minillərdi yanmağında davam edir. Qeyd edək ki, “Yanardağ”ın lap əhatəsində
kiçik bir palçıq vulkanı da mövcuddur.
Azərbaycan
kulturoloqlarının dediklərinə əsasən, Abşeron yarımadasında neft və qaz yerin
üz qatına o qədər yaxın yerləşir ki, püskürərək alov formasında üzə çıxır. Demək
olar ki, XIX əsrin ortalarınadək Abşeronda elə yerlər var idi ki, bir qığılcımdan
yerin üzü məşəl kimi yanmağa başlayır və “təbii məşəllər” yaranırdı . Bunu təsdiqləyən
tarixi faktlar Marko Polonun, A. Dümanın və bir çox digər səyyahların qeydlərində
özünü təsdiqləyir.
Yanan dağ olan “Yanardağ” zərdüştiliyə sitayiş edənlərin ziyarətgah yeridir. Bu dinə qulluq edənlər üçün od, alov müqəddəs sayıldığından, ta qədimdən Abşeron yarımadası özünün yanar yamacları ilə oda sitayiş edənlərin, atəşpərəstlərin həmişə diqqət mərkəzində olmaqla bərabər, həm də populyar olmuşdur. Abşeronda XVII əsrə aid zərdüştilik məbədi olan “Atəşgah” yanar qazın çıxdığı yerdə inşa edilmiş və indiyədək qorunub saxlanılmışdır.
Azens.AZ