Çörək niyə müqəddəsdir?


 Çörək ən qədim və önəmli qida məhsuludur. Araşdırmalara görə, ilk insanlar su ilə isladılmış buğdanın əzilməsindən əmələ gələn dadı kəşf edir və bunu ümumi qida ilə qəbul etməyə başlayırlar. 


 Tədqiqatlardan əldə edilən məlumata görə, e.ə. 4000-ci illərdə babillər xüsusi sobalarda çörək bişirərdilər. Qazıntılardan əldə edilən tapıntılar nəticəsində dəyirmançılıq sənətinin 4300-cü ilə aid olduğu aydın olur.  


 E.ə. 2600-cü ildə Misirlilər buğda unu və suyun qarışığından alınan xəmirə maya əlavə etdikdə çörəyin daha yumşaq və daha şişkin olduğunu anlayırlar. Mayanın təsadüfən tapılması  ilə ağ çörək saray və zadəganlığın simvoluna çevrilir. Qədimlərdə bu çörəklər o qədər dəyərli idi ki, Misirdə çörəkdən pul əvəzinə istifadə edilirdi. 


 Misirdən Romaya, Qərbi Avropaya yayılan maya çörək sonralar dünya süfrələrinin də bəzəyi oldu. Avropalılar əvvəllər çovdardan, XV əsrdən isə buğdadan ağ çörək hazırlamağa başladılar. Dünyada ən çox çörəkdən istifadə edən müsəlman dövlətləri hesab olunur. Çörək istehsalı  XIX əsrdən geniş tətbiq edilməyə başladı. 


 Rəvayətə görə, Məhəmməd Peyğəmbər evə daxil olarkən yerə atılmış bir parça çörək görür: Onu yerdən götürüb təmizlədikdən sonra yeyir  və “Ey Ayişə, dəyərli olan hər şeyə hörmət elə! Çünki çörək parçası hansı cəmiyyətdən/ insandan nifrət edərsə, ora bir də geri qayıtmaz”  deyir. 


 Məhəmməd Peyğəmbər həmişə deyərdi “Çörəyə hörmət edin.  Ona hörmət edənə Allah bərəkət verər”. Bu səbəblə müsəlman dünyasında çörək müqəddəs hesab edilir.

 
 AzEns.AZ/ Jalə Orucova

Tweet 996