Fərid Novruzi

 Fərid Novruzi - "Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah


 Məşhur biznesmen Fərid Novruzi Azərbaycanın İlk Elektron Ensiklopediyası olan Azens.az haqqında öz fikirlərini bildirdi və gənclərin suallarını cavablandırdı: 


 Sizin saytınız və fəaliyyətinizlə yeni tanış oldum, AzEns.az saytına bu qədər çox maraq varsa, deməli insanlar tərəfindən sevilir. Əgər istədiyimiz məlumatı internet üzərindən əldə edə biliriksə bu çox sevindirici haldır. Gələcək nəsillərin maariflənməsi və inkişafı üçün uğurlu addımdır. 


 Fərid müəllim, bizə biraz Novco haqqında məlumat verin. Novco necə və nə vaxt yaranıb?

 - Novco şirkətinin tarixi 1989-cu ilə dayanır, həmin dövrlərdə şirkət “III yaradıcılıq istehsalat birliyi” adını daşıyırdı. Şirkət atam tərəfindən yaradılmışdır və 1994-cü ildə atam artıq xaricilərlə əməkdaşlıq edirdi. Həmin illərdə Azərbaycan artıq müstəqil dövlət idi və mən atama şirkətin adının daha müasir formaya dəyişdirilməsini tövsiyə etdim. Tövsiyəm əsasında şirkətin adı Novruzi Company, qısa formada “NOVCO” olaraq dəyişdirildi.

 1999-cu ildə öz mağazalarımızı açmağa başlayanda Novco qrup şirkətinə çevrildi. Artıq qlobal olaraq düşünürdüm ki, yalnız pərakəndə deyil, həm də digər fərqli işlərlə də məşğul olmalıyıq. Həmin illərdən Novco Group adlanmağa başladıq. 


 Novco şirkətinin tərkibinə əvvəllər ancaq geyim mağazaları daxil idi, indi bu şəbəkəyə restoranlar da daxildir. Bir-birinə bənzəməyən iki sektoru birlikdə idarə etmək sizdə çətinlik yaratmır? 

 - Hər ikisi pərakəndə satış hesab olunur. Düzdür, geyim daha mürəkkəb  və çətindir. Digər sahə isə daha çox diqqət tələb edir, sanki insanların sağlamlığında bir rol oynayırsan. Amma hər iki sahəni idarə edəcək peşəkar komandamız var, hər kəs öz gördüyü işə xüsusi məsuliyyət daşıyır.


 Azərbaycanda biznes qurmaq üçün hansı üstünlüklərə malik olmalısan?

 - Bir insanda ən önəmli cəhət özünəinamdır. Yaradıcı və böyük ideyalara malik olmalısan. İnsanları öz qurduğun işə və layihəyə cəlb edə bilmə qabiliyyətinə malik olmalısan. Daima irəli gedə bilmən üçün liderlik xüsusiyyətini özündə daşımalısan. Bu sadaladığım üstünlüklər olmalıdır ki, keyfiyyətli məhsul ortaya çıxarmaq mümkün olsun.


 Fərid müəllim, necə bir ailədə böyümüsüz? Biznesə sevgi sizə ailənizdən gəlib?

 - Əksinə, mənim atam həmişə biznesə qarşı olub. O, məni məşhur memar olaraq görürdü. Həmin dövrlərdə mən memarlıq sahəsi üzrə irəliləyirdim, 1993-cü ildə memarlıq fakültəsinə daxil oldum. 1997-98-ci illərdə artıq Sinqapur şirkətində yüksək memar vəzifəsinə yüksəlmişdim. 

 İndiyə kimi yadımdadır, 1996-cı ildə kafe açmaq istəyirdim. Atam mənə dedi ki, “bizim ailədə heç kəs bizneslə məşğul olmayıb, sən bizneslə yox, daha çox memarlıq layihələri ilə maraqlan”. Buna baxmayaraq, mən yenə öz istəyimdən yan keçmədim, kafenin təmirinə başladım. Bununla izah etməyə çalışdım ki, mən həm memar, həm də ticarətlə məşğul ola bilərəm. 


 Öz qurduğunuz biznesdə ən riskli addımınız nə olub?

 - Əlbəttə, riskli addımlarımız çox olub. Gürcüstanda 2001-ci ildə mağazamızı açarkən ordakı quldurlarla münaqişəmiz başladı. Bizim işimizə maneçilik törətməyə və müəyyən məbləğ tələb etməyə çalışırdılar. Risk sözü bir az ağır kəlimədir, bu sözü işlətməklə gənc nəsilləri qorxutmaq istəmirəm. Əksinə, onlara daima güc verməyə çalışıram ki, heç kimin haqqına girməmək, heç kimə zərər verməmək şərtilə sonadək istəklərinin arxasınca getsinlər. 


 İstirahət dedikdə ağlınıza nə gəlir? Balıq tutmaq, sakit məkan və ya səyahət?

 - Səyahət etmək, bir ölkəni başdan-başa gəzmək mənim üçün istirahətdir. Dağlara çıxmaq, çadırlarda yaşamaq – bunlar mənə xüsusi zövq verir. 


 Siz həm də Çimərlik Futbol Federasiyasının prezidentisiniz, rəhbərlik etdiyiniz dövrlərdə Federasiya nə kimi uğurlara imza atıb?

 - Ən böyük uğurumuz Avropa üzrə açıqlanan reytinq siyahısında millimizin 11-ci pillədə qərarlaşmasıdır. Dünya reytinqində isə komandamız 33-cü pillədədir. Çimərlik futbolunun 2 Liqası var: A və B. Qeyd edim ki, A Liqa ən güclü Liqa hesab olunur. Azərbaycan artıq neçə ildir ki, A Liqasında iştirakını davam etdirir. Bu o deməkdir ki, idmançılarımız peşəkar oyun nümayiş etdirirlər. Sevindirici haldır ki, Azərbaycan millisi Avropa Super Finalının A divizionunda öz mövqeyini indiyədək qoruyur. 


 Hər kəsə “180 gün dünya ətrafında” turu çox maraqlıdır. Nəyə görə məhz 180 gün? 

 - Məşhur fransız yazıçısı Jül Vernin məşhur “Dünya ətrafında 80 gün” əsərini oxumuşuq. Layihənin adını da məhz bu əsərdən ilhamlanaraq seçmişəm. Səyahət zamanı təyyarədən istifadə etməyəcəyəm, 30 yanvar tarixindən başlayaraq, 42 ölkədən keçməklə onların mədəniyyəti ilə yaxından tanış olacağam. 

 Gedəcəyim yerlər arasında elə adalar var ki, oraya ayaq basan ilk azərbaycanlı mən olacam. 

 Gəmi ilə 1 aya sakit okeanı keçəcəm, başlanğıc nöqtə Kolumbiya olacaq və səfərim də elə həmin ölkədə başa çatacaq. Səyahətimin tam ortasında Azərbaycandan keçəcəm. Azərbaycandan Gürcüstana, oradan isə Türkiyə ərazisindən keçərək Avropaya üz tutacam.

 Dünya səyahətinin qəbul olunması üçün əsas amil və şərtlər var. Bunlardan biri beş qitədə olub, min kilometr məsafə qət etmək lazımdır. İkincisi yuxarı və aşağı hərəkət etməklə Ekvator xəttini iki dəfə keçmək gərəkdir. Üçüncü amil bir-birinə əks olan iki nöqtədən keçməkdir. Dördüncüsü isə bütün meridianları keçməklə 40 min kilometr məsafə qət etmək lazımdır. Əgər bunların hamısını həyata keçirə bilsən dünya səyahətçisi olursan. 


 Sizi həyatda nə motivasiya edir?

 - Ailəm, övladlarım. Onlar üçün gözəl xatirə mirası qoymağa çalışıram. Övladlarını tərbiyə etmək istəyirsənsə, onlara gözəl xatirə qoyub getməlisən. 


 Yeni biznesə başlayanlara nə kimi tövsiyələr verərdiz?

 - Gündəlik istifadə etdiyimiz elə şeylər var ki, ona fərqli baxış yetirəndə aydın olur ki, ondan nə qədər ideya yarana bilər. Həmin ideyaları həyata keçirərkən çox uğur əldə etmək olar. Ətrafımız ideyalarla doludur, həmin ideyaları qaçırmasınlar. Çevik və optimist olsunlar, iş alınmayan kimi ruhdan düşməsinlər. Daim hərəkət etsinlər, dayanmasınlar. 


 Fərid müəllim, bizə ayırdığınız zaman üçün təşəkkür edirik. İşlərinizdə uğurlar arzulayırıq.


 AzEns.Az/ Jalə Orucova

Tweet 2803