Novruz çərşənbələrinin tarixi


 Novruz bayramından bir ay əvvəl biz dörd çərşənbəni qeyd edirik və bu çərşənbələrin də hərəsi bir dünya təbiət möcüzəsinə həsr olunub: Su, od, yel, torpaq.

 Çərşənbə axşamlarının məhz bayram kimi qeyd olunmasının bir sıra səbəbləri var. Eramızdan 487 il əvvəl şərq alimləri ilin günlərini, həftələrini, aylarını ifadə edən bir təqvim hazırlamağa çalışırmışlar və təqvim hazır olan gün çərşənbə axşamına təsadüf etdiyindən ilin son çərşənbəsini təntənə ilə qeyd edən adət yaranıb. Digər tərəfdən isə çərşənbə axşamları ağır gün kimi də qələmə verilir və həmin gün də şər ruhları razı salmaqdan ötrü insanlar bütün qüvvələrini səfərbər edərək, onları bol süfrəylə, şadlıqla qarşılamağa çalışırmışlar. Həmin gunü xətasız, bəlasız ötüşdürməyə cəhd göstərirmişlər və bu çərsənbə adəti də bügünümüzə ordan gəlib. 


 Su, od, yel, torpaq - bu ardıcıllığı isə belə izah edirlər: dünya əvvəlcə başdan-başa su ilə örtülü olub, sonradan günəşin istisi suyu buxarlandırıb. Yel isə həmin prosesi bir az da sürətləndirib və nəhayət, torpaq görünüb. Torpaq çərşənbəsinə el arasında yer çərsənbəsi də deyirlər. Torpaq çərsənbəsində müəyyən ayinlər, mərasimlər həyata keçirilir. Qədim insanlar əvvəllər bir lağım atardılar və  həmin lağımın iki tərəfdən çıxmağa yer olardı. Lağımın içərisindən keçərkən insanlar onun divarlarına toxuna-toxuna keçərdilər və o biri başından çıxardılar. Bununla insanlar hesab edərdilər ki, onlar torpaqdan halallıq alır və bütün günahlarını, azarlarını köhnə ildə qoyurlar. Torpaqla bağlı “cütçü mərasimi” də var ki, bu da torpağı oyatmaq, diksindirmək məqsədilə həyata keçirilir. 


Novruz bayramını zərdüştlük  dini ilə əlaqələndirənlər də olub, İslam dini ilə bağlıyanlar da. Amma bu bayram hər iki dindən əvvəl mövcud olub və dini təsəvvürlərlə deyil, təbiət və fəsil anlayışları, zaman və əkinçilik vərdişləri, bolluq və firəvanlıq arzusu ilə əlaqəlidir. İnsanlar soyuq qışdan qurtularaq, ruzi, bərəkət, xoş günlər vəd edən yazın gəlişinə sevinmiş, onun şərəfinə oyun, ayin və nəğmələrlə bəzənmiş bayram etmişlər.


 AzEns.AZ


Tweet 484