Qədim Azərbaycan şəhəri - Ərdəbil


 Ərdəbil dəniz səviyyəsindən 1505 m yüksəklikdə, Savalan dağ silsiləsinin ətəyində yerləşir.

 Bəzi qədim ərəb mənbələrində şəhərin adı Ərdübil şəklində keçərkən, X əsrdə farsca  yazılmış “Ḥududu’l-ʿâlem”də Ərdəvîl olaraq qeyd edilmişdir. Orta əsr ərəb və fars coğrafiyaçıları şəhərin qurulmasını Sasani hökmdarı II Yezdicərdin oğlu Firuzla (459-484) əlaqələndirirlər. Bu səbəblə də şəhərə ilk dövrlər Firuzabad adı verilmişdir. 


 Ərəblərin işğalına kimi Cənubi Azərbaycanın paytaxtı Ərdəbil şəhəri idi. İlk vaxtlar ərəblər bu şəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar, hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiş əl-Əşas ibn Qeys dövlətin təminatı hesabına yaşayan ərəbləri Ərdəbildə yerləşdirmiş, bu şəhəri abadlaşdırmış, burada məscid tikdirmişdi. Əməvilər dövründə (661-750) ərəblər hərbi və idarə mərkəzlərini Ərdəbildə yerləşdirdilər.


 Əməvilər dövründə (661-750) ərəblər hərbi və idarə mərkəzlərini Ərdəbildə yerləşdirdilər. Ərəb-xəzər müharibələrinin başlanması ilə Ərdəbil və onun ətrafındının gərgin döyüş meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın yenidən bərpa edilmiş Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonlarınadək, yəni Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baş şəhəri oldu.


 Səlcuqlar dövründə Ərdəbili Bişkin və Balak adında iki türkmən bəyi idarə edirdi. Səlcuqluların son dövrü və Atabəylər zamaı Ərdəbili Ağarslan, Xasbəy, Nəsrəddin, onun oğlu Məhəmməd, Atabəy Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan idarə etmişdilər.

 941-ci ildə Salarilər dövlətini yaradan Mərzuban ibn Məhəmməd Ərdəbili paytaxt kimi saxladı. Tranzit ticarət yollarının üzərində yerləşməsi Ərdəbil şəhərinin hərtərəfli inkişaf etməsinə müsbət təsir göstərdi.


 XIV əsrdə Ərdəbil şəhəri Səfəvi təriqətinin mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirdi. XV əsrin sonlarında Ərdəbil şəhərini Ağqoyunlu hakimi Əli bəy Cagirli idarə edirdi. XVI əsrin başlanğıcında Azərbaycan Səfəvi dövləti yarandı. Təbriz şəhəri paytaxta çevrilsə də, Ərdəbil öz əhəmiyyətini itirmədi. Şah Abbas Şeyx Səfi türbəsini qızılla bəzədi və orda kitabxana yaratdı.

 XVIII əsrin 40-cı illərində Nadir şahin ölümündən sonra şahsevən tayfa başçısı Nəzərəli xan Ərdəbildə özünü müstəqil xan elan etdi və Ərdəbil xanlığın paytaxtı oldu.


 D.Behaz yazır: "Ərdəbil Sasanilərin və ərəblərin ilk dövründə Azərbaycanın paytaxtı, Abbasilərin dövründə isə iranlıların (müəllif azərbaycan türklərini iranlı (fars) hesab edir) ərəblərə qarşı apardığı mübarizənin mərkəzi olmuşdur.


 Ərdəbil şəhərinin əhalisinin sayı müxtəlif zamanlarda fərqli olmuşdur. 1728-ci ildə təxminən 14-15 min olmuşdur. XVIII əsrin ikinci yarısında Ərdəbil şəhərində 2 mindən artıq ev var idi. XIX əsrin I yarısında Rusiya-İran müharibələri ilə bağlı olaraq 1813-cü ildə şəhərdə əhali 4 min nəfər, 1828-ci ildə isə 3 min nəfər təşkil etmişdir. XIX əsrin II yarısından başlayaraq şəhər əhalisi artmağa başlamışdır. XIX əsrin sonlarına doğru artıq şəhərdə 20 min əhali yaşayırdı. 1930-cu ildə Ərdəbilin əhalisi 40 min nəfərə çatmışdır. 1992-ci ilin məlumatına görə Ərdəbil şəhərinin əhalisi 332.497 nəfər təşkil edirdi.

 

 XIX əsrin ikinci yarısında Ərdəbil şəhəri 16 məhəlləyə bölünürdü: 1. Darvaza, 2. Zeynal, 3. Qəriblər küçəsi, 4. Bağmeşə, 5. Qara Dəyənək, 6. Təbriz qapısı, 7. Təkkə Mənsur, 8. Təzə meydan, 9. Üçdükan, 10. Çeşməbaşı, 11. Əbülməlik piri, 12. Yaqubiyə, 13. Seyidabad, 14. İbrahimabad, 15. Zərgər piri, 16. Şəmsəddin piri.


 AzEns.AZ


Tweet 516